Şamaxıda ilk “Novruz mühazirəsi” keçirilib

Şamaxıda ilk “Novruz mühazirəsi” keçirilib

Şamaxı. 27 fevral. Şamaxı rayonunda Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk “Novruz mühazirəsi” keçirilib.

'Xeberler.ru'un Şirvan bürosu xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

İştirakçılar sırasında Azərbaycanın ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, İran, Çexiya, Çin, Banqladeş, Yunanıstan və digər ölkələrdən ümumilikdə 30 nəfər əcnəbi tələbə olub.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib və önünə əklil qoyulub.

Qonaqlar Şamaxı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Səfər iştirakçıları 1918-ci ildə Şamaxı soyqırımı zamanı ən böyük qırğınların törədildiyi Cümə məscidinə baş çəkiblər. Məlumat verilib ki, əhalinin sığındığı məsciddə ermənilər yanğın törədərək təqribən 1700-dən artıq günahsız insanı qətlə yetirib, məscidi top atəşinə tutaraq yandırıblar. Soyqırımı zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə əsaslı bərpa edilib.

Tədbir Şamaxı şəhəri İncəsənət Təhsili Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov 1918-ci il soyqırımının xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa yaraşmayan qanlı əməllər törədildiyini diqqətə çatdırıb. Nazir müavini tədbirin keçirilməsinin məqsədinin Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına uyğun olaraq, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə daha dolğun çatdırılması, əcnəbi tələbələrin bununla bağlı məlumatlandırılması olduğunu bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 1918-ci ilin mart ayında Şamaxıda törədilən soyqırımı faktlarından danışıb.

Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərov “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda mühazirə ilə çıxış edib. Real faktlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan məruzədə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı təcavüzü nəticəsində yüz minlərlə insanın qətlə yetirildiyi qeyd olunub. Həmçinin ermənilər tərəfindən xalqımıza qarşı soyqırımı, deportasiya və etnik təmizləmə siyasətinin həyata keçirildiyi bildirilib.

Mühazirədən sonra iştirakçılar Şamaxı rayonu Əngəxaran kənd məktəbinə gedib, soyqırım anım lövhəsini ziyarət ediblər. Tədbir iştirakçılarına məlumat verilib ki, erməni silahlı birləşmələri 1918-ci ilin mart ayında Əngəxaran kəndinə də qəfil hücum ediblər. Müdafiəsiz əhaliyə qarşı amansız qırğınlar törədilib, kənd qarət olunub.

Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər populyar dildə ictimaiyyətə çatdırılır.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər