'Səbail' klubu baş məşqçisini istefaya göndərib

'Səbail' klubu baş məşqçisini istefaya göndərib

Bakı. 26 oktyabr.  Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən “Səbail-2” komandasının baş məşqçisi Elman Sultanov istefaya göndərilib.

Bu barədə “Xeberler.ru”a paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib. O, bildirib ki, qarşılıqlı razılaşma əsasında 44 yaşlı mütəxəssisin və köməkçisi Toğrul Əhmədovun müqaviləsi ləğv edilib: “Məşqçilər korpusu VIII tur çərçivəsində “Neftçi-2” ilə səfər matçında əvəzetmə zamanı səhvə yol veriblər. Oyunun 90+2-ci dəqiqəsində Ədilxan Qarəhmədovu Nazim Kərimli əvəzləyib. Bununla da “Səbail”in heyətində meydanda 1998-ci ilə qədər futbolçuların sayı 5-ə çatıb. Bu da Əsasnaməyə uyğun deyil. Ona görə də komandaya texniki məğlubiyyət veriləcək. VI turda “Qarabağ-2” ilə görüşdə komandanın heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyi üçün də “Səbail-2”yə texniki məğlubiyyət verilmişdi. Həmin vaxt tərəflər arasında razılıq əldə olunmuşdu ki, bu hal bir daha təkrarlanarsa, müqaviləyə xitam veriləcək. Bugünkü görüşdə isə Sultanovun özü verdiyi sözü xatırladaraq, müqaviləsinə xitam verilməsinə etiraz etməyib”.

'Səbail'in əvəzedici komandası ötən mövsüm E.Sultanovun rəhbərliyi altında ölkə çempionu olub. 

Qeyd edək ki, “Səbail”in əsas komandası Premyer Liqada “Zirə” və “Qarabağ”la görüşlərdə rəqibləri səhvə yol verdiyi üçün texniki qələbələr hesabına 6 xal qazanıb.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər