Qurban Qurbanov: 'Hamının gözü millidədir'

Qurban Qurbanov: 'Hamının gözü millidədir'

Bakı. 3 noyabr. 'Rövnəq Abdullayevə, AFFA İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Hər kəsin arzusu millidə oynamaq və baş məşqçinin də istəyi milliyə rəhbərlik etməkdir. Bilirəm ki, bu, çox məsuliyyətli vəzifədir. Hamının, azarkeşlərin gözü millidədir. Özüm də oyunlarda azarkeş kimi iştirak etmişəm. Onların fikir və düşüncələrini yaxından eşitmişəm. Azarkeşlər daha yaxşı nəticə istəyir. Əlbəttə, bu, mənim üçün böyük məsuliyyətdir. Çalışacağıq ki, milli assosiasiya və futbolsevərlərlə birgə daha uğurlu nəticələr əldə edək. Bu, bir günün, bir ayın, bir ilin işi deyil. Klublarımız daha çox olacaq. Uzun bir proqram qəbul ediləcək. Yavaş-yavaş, pillə-pillə irəli getməliyik ki, milli komanda daha da peşəkarlaşsın, daha çox uğur əldə etsin. Bir azərbaycanlı kimi bu işin öhdəsindən gəlmək, futbolumuz naminə daha artığını etmək üçün əlimdən gələni etməyə çalışacağam. İşimiz və məsuliyyətimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Sizə də,azarkeşlərə də minnətdaram. Bəzi yazıları oxuyurdum. Mənə olan etimadınızı, sevginizi göstərirdiniz. Düşünürəm ki, bundan sonra hamımız - media işçiləri, azarkeşlər, futbolsevərlər, futbol funksionerləri bir olaraq, yaxşı, aktiv komanda formalaşdıraraq, uğurlu oyunlar keçirəcəyik'.

'Xeberler.ru'un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov təyinatını şərh edərkən deyib. 

45 yaşlı mütəxəssis bildirib ki, hələlik köməkçilərinin kim olacağı barədə danışmaq hələ tezdir: 'Təkcə köməkçi-məşqçilərlə bağlı deyil, digər məsələlər də var ki, bu gün cavab verə bilməyəcəyəm. Bunlar hissə-hissə həll olunası prosesdir. Ona görə də hələ bu barədə düşünməmişik. Vaxtımız var. Bir aya, ayyarıma bu barədə ətraflı məlumat verəcəyik'.

Əsas məqsədin 2020-ci il Avropa çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu deyən Qurbanov 'Dəfələrlə bildirmişəm ki, hər şeyə birdən-birə 'hə' deyə bilmərik. Futbol elə bir oyundur ki, burada hər şey mərhələli olur. Futbolçularımızdan əlimizdəki şansdan maksimum yararlanmağı tələb etmişəm. Hətta kiçik şansımız varsa belə, bundan mütləq istifadə etməliyik. Özünüz də görürsünüz ki, 'Atletiko' 'Qarabağ'dan qat-qat üstün komandadır. Amma səfərdə onlarla heç-heçə etdik. Və ya bizdən zəif komandaya Premyer Liqada məğlub oluruq. Futbolda əvvəlcədən qəti qərar vermək mümkün deyil, buna hazır olmalıyıq. Millətlər Liqasında da oynamalıyıq. Bu, bizim üçün əlavə üstünlükdür' sözlərini də əlavə edib.

Yeni baş məşqçi müqavilə şərtləri barədə danışmaq istəməyib: 'Bir-birimizin qarşısına şərt qoymuruq. Məndə belə bir xarakter yoxdur. Sadəcə, doğru yol axtarırıq. Düşündüyümüz, tapdığımız yolu müzakirə edir və ən yaxşı şəkildə həyata keçirməyə çalışırıq. Bir-birimizi illərdir tanıyıq. AFFA rəhbərliyi ilə münasibətlərimiz hamıya məlumdur. Bir-birimizə inanaraq, güvənərək, bu yolu gedəcək və birlikdə daha güclü olmağa çalışacağıq'.  


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər