'Qarabağ'ın rəqibi yeni müqavilə bağladığı futbolçusuna 60 milyon avro qiymət qoyub

'Qarabağ'ın rəqibi yeni müqavilə bağladığı futbolçusuna 60 milyon avro qiymət qoyub

Bakı. 6 sentyabr. 'Qarabağ'ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın 'Sportinq' klubu futbolçusu Jovane Kabral ilə yeni müqavilə bağlayıb.

'Xeberler.ru' Lissabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Kabo-Verde millisinin hücumçusunun sözləşməsi 2023-cü ilə qədər uzadılıb.

20 yaşlı oyunçunun sərbəstqalma məbləği 60 milyon avro təyin edilib. O, əsas komandada 77 nömrəli forma ilə çıxış edəcək. Forvard komandaya 2016-cı ildə transfer olunub və aşağı yaş qruplarında çıxış edib.

Kabral müqavilə yenilədikdən sonra fikirlərini bölüşüb: 'Həmişə əsas komandada oynamağı arzulayırdım. Kapitanımız Nani həmişə nümunə götürdüyüm futbolçu olub. O, mənə çox kömək edib. Bu klubun formasını Luiş Fiqu, Kriştianu Ronaldu və Rikardu Kuarejma kimi məşhur futbolçular geyinib. 'Sportinq'in formasını üzərimdə daşımaq mənim üçün şərəfdir. Daha çox çalışıb, mənə şans verən insanların ümidlərini doğruldacağam'.

Qeyd edək ki, 'Qarabağ' Avropa Liqasının qrup mərhələsində ilk oyununu səfərdə 'Sportinq'ə qarşı keçirəcək. Portuqaliyanın paytaxtı Lissabondakı 'Joze Alvalade' stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Manaf QASIMBƏYLİ


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər