'Qarabağ'ın Avropa Liqasındakı oyunlarının stadionları və başlama saatı müəyyənləşib

'Qarabağ'ın Avropa Liqasındakı oyunlarının stadionları və başlama saatı müəyyənləşib

Bakı. 1 sentyabr.  'Qarabağ' klubunun Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının stadionları və başlama saatları açıqlanıb.

'Xeberler.ru'un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E qrupunda yer alan Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Bu arenada 'Qarabağ' oktyabrın 4-də İngiltərənin 'Arsenal', oktyabrın 25-də Ukraynanın 'Vorskla' komandası ilə qarşılaşacaq. Hər iki görüş saat 20:55-də başlanacaq. Noyabrın 29-da isə Ağdam klubu Portuqaliya 'Sportinq'ini sınağa çəkəcək. Bu oyunun start fiti isə saat 21:55-də çalınacaq.

Səfər oyunlarına gəldikdə, 'Qarabağ' sentyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabondakı 'Joze Alvalade' stadionunda 'Sportinq'in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv noyabrın 8-də Ukraynanın Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda 'Vorskla', dekabrın 13-də İngiltərənin paytaxtı Londondakı 'Emirates' stadionunda 'Arsenal' ilə üz-üzə gələcək. Bu oyunlar isə Bakı vaxtı ilə saat 24:00-da start götürəcək.

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq. Bununla əlaqədar 'Qarabağ'ın ev oyunları arenasının dəyişdirilərək BOS-a salınacağı istisna deyil. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər