'Neftçi'nin prezidenti: 'Yeni transferlərə ehtiyac var'

'Neftçi'nin prezidenti: 'Yeni transferlərə ehtiyac var'

'Azarkeşlərə görə çox sevinirəm. Sevinc hissi ilə meydanı tərk etdilər. Bütün komandanı təbrik edirəm. Deməzdim ki, şou göstərdilər, məncə, indiki vəziyyətə görə yaxşı oyun sərgilədik. Ən çox da İsmayıl Zülfüqarlıya görə sevindim. Avropa Liqasında bu yaşda qol vuran ən gənc azərbaycanlı oldu. Sevindirci haldır ki, yetirmələrimizə də şans veririk. Bu gün bizim yaxşı günümüzdür'.

'Xeberler.ru' xəbər verir ki, bu fikirləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Moldova 'Sperantsa'sı üzərindəki 6:0 hesablı qələbədən sonra 'Neftçi'nin prezidenti Kamran Quliyev deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Rəqibin baş məşqçisi və prezidenti ilk oyundan sonra qıcıqlandırıcı atmacalar atırdı. Bu qələbə onlara cavab oldu?

- İlk oyun idi. İstənilən rəqibə qarşı komanda var qüvvəsi ilə oynayır. Hazırda tam güc yığılmayıb. İki həftə təlim-məşq toplanışında olduq. Kristian Efrosa gəlincə, onun sözləri daha çox öz futbolçularına təsir etməlidir. “Sperantsa”nın prezidenti yaxşı insandır, onu yaxından tanıdıq, futbolu sevir. Mən inanmıram ki, onların sözü təsir etsin.

“Neftçi” II mərhələdə Rusiyanın “Arsenal” komandasını keçə biləcək gücdədir?

- Nə deyə bilərəm? “Arsenal” yaxşı komandadır. Ötən mövsüm Rusiya Premyer Liqasında 6-cı olub. Biz gücümüzə inanırıq. İnanmaq istəyirik ki, komanda daha intizamlı şəkildə oyuna köklənəcək. Səfərdə yaxşı nəticə qazansaq, ev oyunumuzda stadion dolu olacaq, azarkeşlər komandanı qələbəyə səsləyəcək.

İlk oyunun Rusiyada olması üstünlükdür?

- Baxır ilk oyunun nəticəsinə. Biz orada qol vurmasaq, gərək, evdə qapımızı toxunulmaz saxlayaq. Ötən il “Uypeşt”lə ilk oyunu evdə keçirmişdik. Nəticənin də necə olduğunu bilirsiniz.

Yeni transferlərə ehtiyac var?

- Ehtiyac var. İki futbolçuyla danışıqlar aparırıq. Hər ikisi yarımmüdafiəçidir. Hələ ki, heç nə bəlli deyil. Bu gün bilinəcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər