Bakı. 24 fevral. Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
'Xeberler.ru'un məlumatına görə, mərkəzi qarşılaşmada 'Neftçi' 'Bakcell Arena'da 'Səbail'i qəbul edib.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 35-ci dəqiqədə qonaq komandanın ən məhsuldar hücumçusu Kevin Kubemba açıb. O, Tural Axundovun qapıçıya yanlış ötürməsindən sonra fərqlənib. Kubemba aktivinə 5-ci qolu yazdırıb. 43-cü dəqiqədə Yevgeni Koçuk cərimə zərbəsindən sonra 'Səbail'in ikinci topunu vurub.
'Neftçi' təsəlli qoluna 56-cı dəqiqədə imza atıb. Kapitan Emin Mahmudovun ötürməsindən sonra Baqali Dabo fərqlənərək, aktivindəki qolların sayını 8-ə çatdırıb və bombardirlər siyahısında vahid liderə çevrilib.
Beləliklə, 'Neftçi' Premyer Liqada 2-ci məğlubiyyəti ilə üzləşib. Flaqman ilk dəfə VIII turda səfərdə 'Qəbələ'yə uduzub - 1:3.
Hesabat turunda yenilməsinə baxmayaraq, 'Neftçi' 38 xalla 'Qarabağ'la liderliyini davam etdirir. 'Səbail' isə xallarını 30-a çatdırsa da, 3-cü pillədə qalıb.
Mənbə: Report.az