Famil Xəlilov: 'UEFA Gənclər Liqasında bir neçə mərhələ keçməyi hədəfləmişik'

Famil Xəlilov: 'UEFA Gənclər Liqasında bir neçə mərhələ keçməyi hədəfləmişik'

'Futbolçularımız keçən il də çempionluq sevinci yaşayıblar. Uşaqların UEFA Gənclər Liqasında iştirak etmək istəyi bu çempionatdakı işimizi rahatlaşdırdı'.

Bunu 'Xeberler.ru'a açıqlamasında AFFA-nın təşkil etdiyi Gənclər Liqasında çempion olan 'Qəbələ' klubunun U-19 komandasının baş məşqçisi Famil Xəlilov deyib.

Gənc mütəxəssis bildirib ki, futbolçuların UEFA Gənclər Liqasının dadını bilmələri bu çempionatda nə qədər istəkli olduqlarının göstəricisi olub: 'Sona 6 tur qalmış işi həll etdilər. Ümumi götürsək, keçənilki çempionatın səviyyəsinə nisbətən builki çempionatın səviyyəsi o qədər də ürəkaçan deyil. Mən isə nəticə etibarilə komandadan razıyam'.

Xəlilov U-19 liqasının səviyyəsinin aşağı olmasının səbəbindən də söz açıb: 'Bu çempionatdakı digər komandalar daha aşağı yaşlı futbolçulara xüsusi üstünlük verir. Növbəti il daha yaxşı olacağını düşünürəm. Bizim futbolçular daha təcrübəlidirlər. Amma U-19 çempionatının növbəti mövsüm daha yaxşı olacağını düşünürəm'.

Ötən mövsüm də komanda ilə eyni uğuru qazanan baş məşqçi həmin vaxt UEFA Gənclər Liqasında U-19-un sükanı arxasında ola bilməyib. Mütəxəssis növbəti avrokubok mövsümü üçün öncədən fikir bildirmək istəmədiyini deyib: 'O barədə heç bir məlumatım yoxdur. Rəhbərlik necə qərar verərsə, biz də elə davam edərik. Klubla müqaviləm davam edir'.

Xəlilov növbəti mövsüm UEFA Gənclər Liqasındakı hədəflərindən də söz açıb: 'Keçən il bir mərhələ keçə bilmişdik. Hazırkı hədəfimiz isə bir yox, bir neçə mərhələ keçməkdən ibarətdir. Fikrimizi tam olaraq ona kökləmişik'.

Baş məşqçi 'Qəbələ'nin U-19 komandasının əsas komandaya namizədlərindən də danışıb: 'Hazırda Rüstəm Nuriyevlə Samir Qurbanov əsas komanda ilə məşqlərdədir. 5-6 oyunçumuz da davamlı olaraq nəzarətdədir. Düşünürəm ki, onlar da əsas komandaya dəvət olunacaqlar'.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər