Cavid Hüseynov: 'Qəbələ'nin qələbə qazanmasına baş hakim mane oldu'

Cavid Hüseynov: 'Qəbələ'nin qələbə qazanmasına baş hakim mane oldu'

Bakı. 8 aprel. 'Qəbələ'nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XXII turunda “Zirə” ilə 1:1 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.

'Xeberler.ru' həmin müsahibəni təqdim edir:

- Bu gün qələbə qazanmağınıza nə, yaxud kim mane oldu?

- Siz istəyirsiniz ki, hakimlərin adını deyim? (gülür) Əlavə danışmayım, özünüz qiymət verin. Baqali Dabonun epizodu çox sadə idi. Pentali təyin edilməli idi. “Zirə”nin qapıçısı Anar Nəzirov onun ayağına vurur, referi penalti təyin etmək əvəzinə başqa qərar qəbul edir.

“Zirə” ilə oyunlarımız həmişə ağır olur. İki fərqli hissə alındı. İlk yarıda zəif çıxış etdik, lakin fasilədən sonra yaxşı oynadıq.

- Adətən, “Qarabağ”ın futbolçularında müsahibə alan zaman onlarda “hakim sizə qarşı niyə bu cür qərar verdi”, - deyə soruşmağımız yadımıza gəlmir. Amma “Qəbələ”də tez-tez belə hallar olur. Bu nədən irəli gəlir?

- Gəlin belə danışaq, məni belə şeyə çəkməyin. Bu suala cavab verə bilmərəm. Düzgün olmaz. Ancaq bu gün baş hakim (Rəvan Həmzəzadə - red.) “Qəbələ”nin qələbə qazanmasına mane oldu.

- Hətta referinin üstünə şığıdınız...

- Aşkar görünürdü ki, yüz faizlik epizod idi. Hamı görür, penalti versən, heç kim səni qınayan deyil. Hər iki epizodda vermək olardı. Amma nədənsə susurdu. Belə olan halda hisslərini cilovlaya bilmirsən. Biz də əziyyət çəkirik və bunun bəhrəsini görmək istəyirik. İnsandır, hakim də səhv edə bilər. Amma yüz faizlik epizodda yox da.

- Bu cür hallara görə siz də videotəkrar (VAR) sisteminin tərəfdarısınız?

- Bu sistemin nə dərəcə maraqlı olacağını deyə bilmərəm. Bu gün VAR sistemi olsaydı, hər iki epizodda rəqibin qapısına penalti təyin ediləcəkdi.

- İlk hissədə Dmitri Bezotosnunun epizodu barədə nə deyə bilərsiniz?

- Məncə, orda bizim qapımıza penalti vermək olardı.

- Çempionluq mübarizəsindən danışmağa dəyər?

- Xeyr, artıq gecdir. Çempionluğu əldən vermişik, ikinci yerə oynayırıq.

- Bəs, meydana hansı motivasiya ilə çıxırsınız?

- İndi Azərbaycan Kubokunu fikirləşirik. Heç kimə sirr deyil ki, bugünkü matçda özümüzü kuboka görə hazırlamışdıq. Özümüzü elə göstərməliyik ki, kubokda da bir-birimizi daha yaxşı başa düşərik.

- Sizdən fərqli olaraq, kubokun yarımfinalındakı rəqibiniz “Neftçi” yüksəlişdədir...

- “Neftçi” inkişafdadır. Açığı, bu, məni sevindirir. Azərbaycan futbolu üçün yaxşı haldır. Düzdür, çempionatda xal itiririk. Amma çempionatla kubok eyni deyil. İki oyundan ibarətdir, hər şey ola bilər.

- “Qarabağ” kubok yarışında olmadığı üçün “Qəbələ”nin qalib gəlməyə borclu olduğu düşünülür. Bununla razısınız?

- Tamamilə səhv fikirdir. “Sumqayıt” və “Neftçi” ideal formadadırlar. Onlar “Qarabağ”dan geri qalmırlar.

- Azərbaycan Kubokunu qazanmasanız nələrin baş verəcəyini düşünən zaman sizi vahimə basmır ki?

- Bunu heç yuxuda da görmək istəmirəm.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər