Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək

Bakı. 29 sentyabr. Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək. “Xeberler.ru” xəbər verir ki, həftənin oyunları üç günü əhatə edəcək.

İlk oyun günündə iki matç baş tutacaq. Əvvəlcə 8 xalla 4-cü pillədə qərarlaşan “İnter” 7-ci sıradakı “Neftçi”ni qonaq edəcək. Cari çempionatda qələbə qazana bilməyən “ağ-qaralar” həmşəhərliləri ilə duellərdə üstün tərəfdir. “Ağ-göylər” indiyə qədər bu kollektivlə 51 Premyer Liqa matçından 24-də uduzub, 13 dəfə qalib gəlib. Son 5 oyunda hər iki komanda qol vurub. “Neftçi” ardıcıl 3 qələbə qazanıb.

Günün digər oyununda əyalət komandaları üz-üzə gələcək. Qəbələdə şəhərin eyni adlı təmsilçisi ilə “Kəpəz” qarşılaşacaq. Gəncəlilər bu rəqiblə son üç oyunda meydanı qolsuz tərk etməyib. Son 4 matçda meydan sahibi olan komanda uduzmayıb. Əvvəlki 16 qarşılaşmanın balansı isə “qırmızı-qaralar”ın xeyirinədir: 6 qələbə, 5 heç-heçə və 5 məğlubiyyət. Üçüncü sıradakı “Qəbələ”nin 13, sonuncu yerdə qərarlaşan “Kəpəz”in isə 1 xalı var.

Şənbə günü debütant “Səbail” turnir cədvəlində qonşusu olan “Sumqayıt”ı qəbul edəcək. Hazırda 6 xalla 6-cı olan paytaxt təmsilçisi rəqibindən 1 pillə geri qalır. Aradakı xal fərqi də birdir.

Sumqayıtlılarla ilk dəfə qarşılaşacaq “Səbail” ev oyunlarında yaxşı təsir bağışlayır. Debütant “Qəbələ”yə məğlub olsa da (1:3), “Neftçi” və “Kəpəz”i tək qolla üstələyib. Qonaqlar isə cari mövsümdə səfərdə yalnız “İnter”dən xal alıb (1:1), digər görüşlərdə uduzub.

Turun son oyunu Azərbaycanı Çempionlar Liqasında təmsil edən və 15 xalla Premyer Liqada lider olan “Qarabağ”la ən yaxın izləyicisi “Zirə” arasında olacaq. Rəqibindən 1 oyun çox keçirib, 1 xal geri qalan qəsəbə klubu cari mövsümdə inamlı təsir bağışlasa da, indiyə qədər heç vaxt Ağdam komandasını məğlub edə bilməyib. Əvvəlki 8 qarşılaşmadan 6-sı “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb. Üstəlik, “Zirə” yalnız bir dəfə çempionun qapısına yol tapıb.

Azərbaycan Premyer Liqası

VII tur

29 sentyabr (cümə)

16:00. “İnter” – “Neftçi”

Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Əli Hüseynov

“İnter Arena”

18:30. “Qəbələ” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

30 sentyabr (şənbə)

18:00. “Səbail” – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Kərim Ağayev

“Dalğa Arena”

1 oktyabr (bazar)

18:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Tofiq Bəhramov adına Respublika Stadionu.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər