Azərbaycan millisinin qapıçısı: 'Tobol'un uğurları üçün əlimdən gələni edəcəyəm' - MÜSAHİBƏ

Azərbaycan millisinin qapıçısı: 'Tobol'un uğurları üçün əlimdən gələni edəcəyəm' - MÜSAHİBƏ

Bakı. 2 fevral.  Qazaxıstanın 'Tobol' klubunun 'Səbail'dən transfer etdiyi Azərbaycan millisinin qapıçısı Emil Balayevin 'Xeberler.ru'a müsahibəsi...

- Bildiyimiz qədərilə 'Tobol' sizə və 'Səbail' klubuna ciddi təkliflər edib. Qazaxıstan klubuna keçidinizdə maddi amillər nə dərəcədə rol oynadı?

- Bu barədə konkret bir fikir bildirmək istəməzdim.

- Hazırkı klubunuz barədə ilkin təəssüratlarınız necədir: Komandada sizi necə qarşıladılar?

- Komandanın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışına qoşulduğum ilk gündən çox isti yanaşma gördüm. Rəhbərlik, inzibati heyətdən tutmuş futbolçularadək hamı mənə xoş münasibət göstərdi. Hətta komandanın kapitanı Azat Nurqaliyev şəxsən mənimlə danışdı və komandanın otelin yanındakı baliq restoranında təşkil etdiyi şam yeməyinə dəvət etdi.

- Komandada vaxtilə 'Qəbələ'də çıxış etmiş Nika Kvekveskiri də oynayır. Siz getməmişdən onun fikrini öyrəniblərmi? 

- Onun fikrini öyrənib-öyrənmədiklərini deyə bilmərəm. Amma Nikanın ozü də mənimlə danışdı, 'Xoş gəlmisən' dedi.

- Bu komandada hədəfləriniz nədən ibarətdir və əsas heyət üzvünə çevrilmə şanslarınız nə dərəcədə realdır?

- Bu barədə konkret bir şey deyə bilmərəm. Əsas məsələ məşqlərdə 100 faizlik çıxış edərək, özümü göstərməkdir. Seçim isə məşqçilər heyətinindir.

- Əvvəllər Almaniyanın 'Ayntraxt' klubunda çıxış etmiş qapıçı niyə məhz Qazaxıstan variantını seçdi?

- Düzdür, azərbaycanlı futbolçu üçün Qazaxıstan Premyer Liqası yad çempionatdır. Amma həmişə yeni addimlar ataraq, təcrübə qazanmaq, sənə olan etibarı doğrultmaq müsbət haldır. Mən də bu komandada özümə olan inamı, etibarı hiss edirəm. 'Tobol'un uğurları üçün əlimdən gələni edəcəyəm.

- 'Səbail' mövsümün ilk yarısını 3-cü pillədə başa vurub. Komandanın əsas qapıçısını itirdikdən sonra avrokubok hədəflərindən kənarda qalma təhlükəsi ola bilərmi?

- Bir oyunçu ilə heç nə həll olunmur. Həm də əvəzolunmaz oyunçu yoxdur. Hansısa təhlükənin olduğunu deməzdim. 'Səbail' çox yaxşı, mehriban kollektivə, yaxşı futbol dəst-xəttinə malik komandadır. İnanıram ki, ən azı bu yeri qoruyub-saxlayacaqlar.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər